MƏDƏNİYYƏT
Azərbaycan aliminin “Məhəmməd Hüseyn Şəhriyar” adlı monoqrafiyası Türkiyədə nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın “Məhəmməd Hüseyn Şəhriyar” monoqrafiyası Türkiyədə nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Peon Atlantis” nəşriyyat evində çapdan çıxmış kitabda türk dünyasının ən sevilən şairlərindən biri, ustad şair Məhəmməd Şəhriyarın həyatı, ədəbi mühiti, bədii irsi araşdırılır. Kitabda Azərbaycan xalqının milli psixologiyası, adət-ənənələri və bayram mərasimləri, milli mətbəx xüsusiyyətləri tədqiqatçı tərəfindən özünəməxsus üslubda tədqiq olunur.
Nəşrdə, eyni zamanda M.Şəhriyarın Cənubi Azərbaycan ədəbiyyatındakı mövqeyi, Yaxın Şərqdə və türk xalqları yaşayan bölgələrdə ədəbi təsir dairəsi, həmçinin yaradıcılığının sənətkarlıq xüsusiyyətləri və poetik qaynaqları öyrənilir.