ELM VƏ TƏHSİL
Azərbaycan aliminin “Rossiykaya Federasiya-stranı SNQ” adlı monoqrafiyası Almaniyada nəşr olunmuşdur
Bakı, 26 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) azad həmkarlar ittifaqının sədri, siyasi elmlər doktoru Adil Mirabdullayevin “Rossiykaya Federasiya-stranı SNQ (Strateqiçeskie prioritet i politiçeskie realii postsovetskoqo perioda)” adlı monoqrafiyası Alman Milli Kitabxanası tərəfindən rus dilində nəşr olunmuşdur.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AZƏRTAC-a bildirmişlər ki, monoqrafiyada Rusiya Federasiyasının MDB ölkələrindəki strateji prioritetləri araşdırılmış, onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Baltikyanı ölkələr, Moldova, Belarus və Ukraynada xarici siyasi maraqlarının öyrənilməsi haqqında geniş araşdırma aparılmışdır.
Həmçinin kitabda postsovet məkanında Rusiya Federasiyasının xarici siyasət kursunun əsas formalaşma mərhələləri təhlil edilmiş, qonşu ölkələrdə Rusiyanın həyata keçirdiyi strategiyasının əsas istiqamətləri öyrənilərək müəyyənləşdirilmişdir.
Monoqrafiyada Rusiyanın Baltikyanı ölkələr, Mərkəzi Asiya və region ölkələr ilə qarşılıqlı münasibətlərinin əsas parametrləri, apardığı siyasi xətt aydınlaşdırılmış, eyni zamanda, Cənubi Qafqazda, xüsusilə Azərbaycan Respublikasında müasir dövrdəki strateji maraqları da təhlil edilmişdir.
Elmi işçilər, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutlan monoqrafiya AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir.