ELM VƏ TƏHSİL
Azərbaycan aliminin tədqiqatı beynəlxalq nəşrdə
Bakı, 19 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Roida Rzayevanın “Postmodern diskursda alternativ modernizmlər” (“Alternative Modernisms in the Discourse on Postmodern”) adlı tədqiqatı Böyük Britaniyanın Kembric Alimləri Nəşriyyatının (Cambridge Scholars Publishing) “Sosial elmlərin sahələrarası perspektivləri” (“İnterdisciplinary Perspectives on Social Sciences”) kitabında dərc olunub.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, alimin tədqiqatında Azərbaycan da daxil olmaqla, qeyri-Qərb müasirliyini təşkil edən cəmiyyətlərin alternativ modernizmlərindən bəhs edilir. Mövzu multikulturalizm, Şərq-Qərb və lokal modernizmlər kontekslərində tədqiq olunub. Qeyri-Qərb müasirliyinə aid bu cəmiyyətlərin sintez quruluşu varislik və yeniliyin birləşməsini təşkil etməsi nöqteyi-nəzərindən təhlil edilir.