ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Fransada beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 29 mart, AZƏRTAC
Fransanın paytaxtı Parisdə Avropa İttifaqının “Horizon-2020” proqramı çərçivəsində “Elm, texnologiya, innovasiya” günləri keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, institutun laboratoriya rəhbəri, biologiya elmləri doktoru Arif Mehdiyev, Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və Azərbaycan Universitetinin baş müəllimi Qətibə Nəcəfova təmsil ediblər.
Tədbirdə İ.Mustafayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin elm fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmiş “Neft kəmərləri obyektlərinin enerji effektivliyini yüksəltmək üçün alternativ enerji mənbələrindən istifadə” layihəsinin nəticələri, A.Mehdiyev isə serotonergik biomarkerlər barədə məlumat veriblər.
Səfər çərçivəsində Azərbaycan alimləri Malaziya, Tayland, Niderland və digər ölkələrin mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.