ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 8 yanvar, AZƏRTAC
Dünya offşor təcrübəsində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən Xəzər regionunun aktual problemlərindən olan kontrakt sahənin ətraf mühitinə daxili və xarici ekoloji təsirlərin ayrılmasının həlli təklif edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin ekoloji proseslərin modelləşdirilməsi laboratoriyasının rəhbəri, professor R.Qarayev və əməkdaşları N.Sadıqova və X.İmamverdiyevanın həmmüəllifləri olduqları məqalə “Current World Environment” (Thomson ISİ) jurnalında dərc edilib.
“Xəzər dənizində kontrakt sahələrin ekoloji monitorinqi üçün biliklərə əsaslanan sistem” sərlövhəli məqalədə kontrakt sahə operatorunun antropogen təsirinin və xarici çirklənmə mənbələrinin təsirinin diferensasiyası məsələsinin qoyuluşu və həll üsulu təklif olunub. Xarici mənbələr qonşu neft-qaz işləmələri, munisipal, sənaye və kənd təsərrüfatı tullantıları, palçıq vulkanları, dampinqlər ola bilər. Bu məsələ SSRİ-nin süqutu, Xəzər dənizinin qapalı olması, Xəzər şelfində neftqazçıxarma miqyasının böyüməsi, regionda mürəkkəb geopolitik şəraitin mövcudluğu ilə əlaqədar olaraq son dərəcə aktualdır. Dünya offşor təcrübəsində bu məsələnin analoqu yoxdur.