İDMAN
Azərbaycan Alpinizm Federasiyasının prezidenti MDB,Gürcüstan və Baltikyanı ölkələrin alpinizm federasiyalarının beşinci sammitində iştirak etmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Moskvada MDB, Gürcüstan və Baltikyanı ölkələrin alpinizm federasiyalarının beşinci sammiti keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində Avrasiya alpinizm və qayayadırmanma assosiasiyasının iclası da təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı da iştirak etmişdir.
Sözügedən təşkilat dünyanın yeganə beynəlxalq federasiyasıdır ki, idman alpinizmi üzrə yarışları təşkil edir. Həmçinin, assosiasiyanın 2014-cü il üçün təqvim planı açıqlanmışdır.
İclasın yekunlarına əsasən İdman Alpinizmi Komitəsinə qaydaların və metodikaların təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Hündürlüyə dırmanma növü üzrə qabaqcadan verilmiş ərizələr ləğv olunmuşdur.
Ölkəmizi Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyasında təmsil edən Azərbaycan Alpinizm Federasiyası son 3 il ərzində hündürlüyə dırmanma növündə iştirak edir. 2012-ci ildə gənc komandamız dünyada 4-cü yerə tutmuşdur.
Azərbaycan Alpinizm Federasiyasının gələcək planlarında nəinki hündürlüyə dırmanma, həmçinin, qayayadırmanma və hündürlüyə texniki dırmanma növlərində çıxış etmək vardır.