SİYASƏT
AZƏRBAYCAN ATƏT-İN DEMOKRATİK TƏSİSATLAR VƏ İNSAN HÜQUQLARI BÜROSU İLƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Janes Lenarçikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, J.Lenarçik seçkiləri müşahidə üçün dəvətə, yaradılan şəraitə və müşahidə missiyası ilə əməkdaşlığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanın DTİHB ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
XİN rəhbəri ATƏT-in digər ölkələrindəki seçkilərin müşahidəsində Azərbaycan vətəndaşlarının iştirakının, habelə ATƏT-in qurumlarında, eləcə də Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda çalışmasının zəruriliyini qeyd etmişdir.
Görüşdə Azərbaycanın ATƏT-lə əlaqələri, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.