İQTİSADİYYAT
Azərbaycan Auditorlar Palatası İsrail və Estoniyanın müvafiq qurumları ilə əməkdaşlıq sazişləri bağlayacaq
Bakı, 26 may, AZƏRTAC
Gürcüstan Peşəkar Mühasiblər və Auditorlar Federasiyasının (GFPAA) dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə GFPAA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə və “20 illik peşəkar inkişaf: Avropa inteqrasiyası və peşənin problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar, struktur dəyişiklikləri, hesabatlılığın və şəffaflığın gücləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Auditorlar Palatası ilə İsrail və Estoniyanın müvafiq qurumları arasında əməkdaşlıq sazişlərinin bağlanması barədə fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə olunub.