SİYASƏT
Azərbaycan Avropa Şurasının 50-dən çox sənədinə qoşulmuşdur
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moran və Cozef Debono Qrex noyabrın 28-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov həmməruzəçilərlə görüşlərini xatırlamış, aparılan müzakirələrin Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirmişdir.
Milli Məclisin sədri Azərbaycanda həyata keçirilən islahatlar, xüsusən də insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də Avropa Şurası ilə əlaqələrin inkişafında maraqlıdır. 1994-cü ildən bu günədək Azərbaycan Avropa Şurasının 55 sənədinə qoşulmuş, bu təşkilat qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirmişdir.
Bu günədək Azərbaycanda 50-yə yaxın Əfv Fərmanı və 9 Amnistiya Aktı imzalanmışdır. Bütün bunlar Azərbaycan hökumətinin və dövlətinin insan hüquq və azadlıqlarına verdiyi yüksək qiymətin göstəricisidir.
Həmməruzəçilər Bakıda keçirdikləri görüşlərdən danışmış və bildirmişlər ki, səfərin məqsədi Azərbaycan ilə bağlı hazırlanan məruzənin son detallarını müzakirə etməkdir.
Bildirilmişdir ki, məruzədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də əksini tapmışdır.
Məruzə Monitorinq Komitəsinin cari il dekabrın 12-də Parisdə baş tutacaq iclasında müzakirə olunduqdan sonra AŞPA-nın 2013-cü ilin yanvarında Strasburqda keçiriləcək sessiyasının gündəliyinə daxil ediləcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.