SİYASƏT
Azərbaycan BƏƏ-nin bütün əmirlikləri ilə əlaqələrin qurulmasında maraqlıdır
Bakı, 16 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Əl-Xeymə Əmirliyinə səfəri çərçivəsində əmir Səud bin Saqr Əl-Qasimi ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə P.İsmayılzadə Azərbaycan ilə BƏƏ arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan BƏƏ ilə münasibətlərin genişləndirilməsində maraqlıdır.
S.Əl-Qasimi Dubayda Azərbaycan Respublikasının baş konsulluğunun fəaliyyətini yüksək qiymətləndirmiş və bunun ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycanın BƏƏ-nin bütün əmirlikləri, xüsusilə də Ras Əl-Xeymə ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyən P.İsmayılzadə bu sahədə qarşılıqlı səfərlərin, eləcə də sərgilərin, biznes forumların və digər tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
Səfər çərçivəsində baş konsul əmirliyin Turizmin İnkişafı Departamentinin rəisi xanım Ketrin Gnilka, İnvestisiya Departamentinin baş direktoru Peter-Mikael Şuster ilə də görüşmüşdür.
Səhra, dağ və dəniz turizmi üçün əlverişli şəraitə malik olan Ras Əl-Xeymədə beşulduzlu 15 yeni mehmanxananın fəaliyyət göstərdiyini deyən K.Gnilka Azərbaycan turistlərini bu əmirliyi ziyarət etməyə dəvət etmişdir.
P.Mikael Şuster isə Azərbaycan ilə Ras Əl-Xeymə arasında investisiya sahəsində əlaqələrin müzakirə edilməsi və qarşılıqlı sərmayə yatırımlarının həyata keçirilməsi məqsədilə cari ilin aprelində ölkəmizə səfər etmək niyyətində olduğunu bildirmişdir.
Səfər çərçivəsində P.İsmayılzadə Ras Əl-Xeymədə bütün BƏƏ-nin mehmanxanaları və konfrans zalları üçün keramika avadanlığı istehsal edən zavod ilə də tanış olmuşdur.