MƏDƏNİYYƏT
Azərbaycan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv qəbul olunmuşdur
Bakı, 5 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Polşada keçirilən XXVI konqresində iştirak etmişlər.
Milli Dram Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konqresdə Azərbaycan rəsmi şəkildə Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv qəbul olunmuşdur. Qurumun yeni yaranmış Azərbaycan şöbəsinə rəhbərlik etmək üçün professor Məryəm Əlizadənin üzvlüyü təsdiqlənmişdir.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına ölkəmizin üzvlüyü milli mədəniyyətimizin təbliği və inkişafı, eləcə də dünyada baş verən mədəni proseslərdə iştirakımıza geniş imkanlar açacaqdır.
Konqres çərçivəsində Azərbaycan teatrşünaslarından ibarət nümayəndə heyəti Polşanın teatr məkanı ilə daha yaxından tanış olmuş, bir sıra mühüm görüşlər keçirmişdir.