SİYASƏT
Azərbaycan bir çox beynəlxalq təşkilatlarda söz sahibinə çevrilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycanda səfərdə olan Meksika Senatı sədrinin müavini Fransisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Milli Məclisdə olmuşdur. Meksikalı qonaqlar əvvəlcə Milli Məclisin inzibati binasına baxmış, deputatlar üçün yaradılmış şəraitlə tanış olmuşlar. Qonaqlar burada tətbiq olunan müasir texnologiyaları yüksək qiymətləndirmişlər.
Milli Məclisdəki Heydər Əliyev Xatirə zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolara baxmışlar.
Sonra Meksika nümayəndə heyəti ilə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilmişdir.
İşçi qrupunun rəhbəri Ülvi Quliyev demişdir ki, bu səfər xalqlarımız və dövlətlərimiz arasında olan dostluq münasibətlərinin inkişafına təkan verəcəkdir. Bildirilmişdir ki, Azərbaycan Meksika ilə əlaqələrə çox böyük önəm verir.
Meksikalı senatorlara ölkəmizdə həyata keçirilən islahatlar, irimiqyaslı regional layihələr, eləcə də Milli Məclisin fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Ülvi Quliyev Meksika Konqresinin Deputatlar Palatasının və Meksika Senatının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, eləcə də Xocalı soyqırımını tanınması ilə bağlı qəbul etdikləri qərarlara görə işçi qrupu adından nümayəndə heyətinə minnətdarlıq etmişdir.
Qeyd edək ki, həmin qərarla Meksika Ermənistanı işğalçı dövlət kimi, Xocalı faciəsini isə soyqırımı aktı kimi rəsmən tanımışdır.
Fransisko Arroyo Vieyra demişdir ki, Azərbaycanın gənc dövlət olmasına baxmayaraq çox sürətli inkişaf yolu keçmişdir və bütün bunlar onlarda böyük sevinc hissi yaratmışdır. O demişdir ki, Azərbaycan regionda ən böyük iqtisadi layihələri həyata keçirən müstəqil, güclü dövlətdir. Müstəqilliyinin bərpasından cəmi 20 il keçməsinə baxmayaraq Azərbaycan artıq Avropa və dünyanın bir çox beynəlxalq təşkilatlarında söz sahibinə çevrilmişdir. Biz Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişafında maraqlıyıq və əməkdaşlığımız daimidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.