İDMAN
Azərbaycan boksçuları Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə altı medal qazanmışlar
Bakı, 28 iyun (AZƏRTAC). Qazaxıstanın Kustanay şəhərində Seul Olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında mübarizə aparmışlar.
Qazaxıstana yollanan 10 boksçumuzdan altısı Vətənə medalla dönmüşdür. Yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənmişlər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə (54 kq) bürünc medal qazanmışlar.