İDMAN
Azərbaycan boksçusunun APB turnirindəki rəqibləri müəyyənləşib
Bakı, 13 avqust (AZƏRTAC). Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçular müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Fariz Məmmədovun da mübarizə aparacağı 69 kiloqram çəki dərəcəsində 8 boksçu Olimpiya lisenziyası uğrunda yarışacaq.
Bu çəki dərəcəsinin əsas favoritlərindən biri London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoydur. Otuz dörd yaşlı Fariz Məmmədov bu çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Həmin çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən, əslən ermənistanlı olan Arajik Marutyandır.
Turnirdə Denis Lazarev (Ukrayna), Gyula Kate (Macarıstan), Markos Nader (Avstriya), Onur Sipal (Türkiyə) və Rayton Okviri (Keniya) də birincilik uğrunda mübarizə aparacaqlar.