İQTİSADİYYAT
Azərbaycan-Böyük Britaniya biznes forumunda 60-dan çox iş adamı iştirak edib
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf və makroiqtisadi sabitlik təmin olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb. R.Məmmədov Böyük Britaniya iş adamlarını bu imkandan yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqins iş adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, birbaşa təmasların iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.
Biznes forumunda AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, britaniyalı iş adamları isə təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.