İQTİSADİYYAT
Azərbaycan Dəmir Yollarında sərnişin qatarlarına biletlərin yeni online satış sistemi istifadəyə verilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dəmir Yollarında sərnişin qatarlarına gediş biletlərinin yeni online satış sistemi istifadəyə verilib.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 29-dan ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə yeni online satiş sistemi istifadəyə verildi. Bu sistemlə sərnişin kassaya yaxınlaşmadan, www.ady.az saytının «Online bilet» bölməsinə daxil olmaqla, online rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcək.
Online rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaq. Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır.
Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaq.
Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.