AZƏRBAYCAN DEMOKRATİK PRİNSİPLƏRƏ SADİQDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohal ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda insan hüquqlarının qorunması sahəsində təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş əsaslı islahatlar və mütərəqqi tədbirlər barədə qonağa məlumat verən nazir demokratik proseslərin ictimai həyatın bütün sahələrini əhatə etdiyini, milli qanunvericiliyin daim təkmilləşdirildiyini vurğulamış, bu tədbirlərin həyata keçirilməsində ATƏT ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Görüşdə ölkəmizin Prezidenti İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş tədbirlərə toxunulmuş, o cümlədən Məhkəmə-Hüquq Şurası haqqında və “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında” yeni qəbul olunmuş qanunların Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hazırlandığı və onların ekspertizasını keçirən Avropa mütəxəssisləri tərəfindən yüksək dəyərləndirildiyi bildirilmiş, islahatlar nəticəsində Azərbaycanda ən mütərəqqi məhkəmə sisteminin formalaşması vurğulanmışdır.
Həmçinin, görüşdə ATƏT ilə səmərəli əməkdaşlıq nəticəsində vəkillik haqqında qanunvericiliyin təkmilləşdirildiyi vurğulanmış, penitensiar sistemin fəaliyyətinin əsaslı surətdə yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, məhkumların hüquqlarının təmin olunması ilə bağlı görülən işlər, o cümlədən tibb xidmətinin müstəqilləşdirilməsi məqsədi ilə onun penitensiar sistemin tərkibindən çıxarılması və nazirlikdə Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin yaradılması təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.
Azərbaycanda demokratik proseslərin inkişafına yardım göstərməyə və əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayan qonaq, birgə həyata keçirilməsi üçün konkret layihələr təklif etmiş, onu maraqlandıran suallara verilən dolğun cavablara görə minnətdarlığını bildirmişdir.
Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ayrı-ayrı sahələr üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.