SİYASƏT
AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ YARADILMASININ 91-Cİ İLDÖNÜMÜ TOVUZDA TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR
Tovuz, 29 may (AZƏRTAC). Tovuz şəhərinin girəcəyində ucaldılmış Qala kompleksində Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 91-ci ildönümü qeyd olunmuşdur. Tədbirdə rayon sakinləri ilə yanaşı Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Həsənov, Baba Tağıyev, Azərbaycan Yazıçılar birliyinin üzvləri Elçin Hüseyinbəyli, Elxan Zal, Parlament Jurnalistlər İctimai Birliyinin və «Gənc Liderlər» Uşaq Təşkilatının nümayəndələri də iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gələrək ulu öndərin möhtəşəm abidəsi önünə çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir iştirakçıları torpaqlarımız uğrunda şəhid olmuş tovuzluların məzarlarını da ziyarət etmişlər.
Mərasim iştirakçıları Sonra hərbi hissədə olmuş, əsğər və zabit heyəti ilə görüşmüşlər.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Həsənov, Baba Tağıyev, Parlament Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı və başqaları çıxış edərək ADR-in keçdiyi ağır və şərəfli yollardan danışmışlar. Natiqlər müstəqil Azərbaycan dövlətinin qurulmasında və müstəqilliyimizin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən də danışmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsində və müstəqil dövlətin ordu quruculuğunun möhkəmləndirilməsində ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətləri vardır.
Sonra yazıçı Elçin Hüseyinbəylinin «Şah Abbas», «Metro vadisi» romanlarının, Elxan Zalın «Türk əsrinin türküləri» və «Torqovı peyzajı» əsərlərinin təqdimat mərasimi olmuşdur. Həmçinin əsgərlərə bayram sovqatı ilə birgə yeni təqdimatı keçirilən əsərlər də hədiyyə edilmişdir.
Tədbirin sonunda müğənni Elza Seyidcahanın iştirakı ilə bayram konserti verilmişdir.
Mərasim iştirakçıları Hüseyn Bozalqanlı adına aşıq sənəti muzeyində də olmuşlar. Muzeylə tanışlıqdan sonra Hüseyn Bozalqanlının və Əziz Məftunun yeni çap olunmuş əsərlərinin də təqdimatı olmuşdur və kitablar tovuzlu kitabsevərlərə hədiyyə olunmuşdur.
Respublika günü böyük konsert proqramı ilə davam etdirilmişdir.