SİYASƏT
Azərbaycan diasporunun “Yedinaya Rossiya” və ÜXC-ni dəstəkləmək təşəbbüsü Leninqrad vilayətinin əhalisində yaxşı əks-səda doğuracaqdır
Moskva, 27 oktyabr (AZƏRTAC). Rusiya Federasiyasının qanunvericilik məclisinə cari ilin dekabrında keçiriləcək seçkilərdə Azərbaycan diasporunun “Yedinaya Rossiya” və Ümumrusiya Xalq Cəbhəsini (ÜXC) dəstəkləmək təşəbbüsü Leninqrad vilayətinin əhalisində yaxşı əks-səda doğuracaqdır. Seçki qərargahının rəhbəri, “Yedinaya Rossiya” partiyası regional siyasi şurasının katibi Aleksandr Xudilaynen Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun və Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsovun iştirakı ilə vilayətin Azərbaycan diasporu ilə görüşünün yekunlarına dair kütləvi informasiya vasitələri üçün keçirilmiş brifinqdə belə bəyanatla çıxış etmişdir.
Qeyd etmək lazımdır ki, görüşün sonunda Leninqrad vilayətinin Azərbaycan diasporu Rusiya Federasiyası hökumətinin qanunvericilik orqanlarına keçiriləcək seçkilərdə “Yedinaya Rossiya”nı və ÜXC-ni dəstəkləmək barədə müraciətlə çıxış etmişdir.
Xudilaynen demişdir ki, sevindirici haldır ki, Azərbaycan diasporu “Yedinaya Rossiya”nın iştirakı ilə Leninqrad vilayətində görülmüş və görülən bütün işləri müsbət qiymətləndirir. A.Xudilaynen demişdir: “Leninqrad vilayətinin çoxmillətliliyini və hazırda burada təqribən 150 millətin nümayəndələrinin yaşadığını nəzərə alaraq, biz digər diasporlar tərəfindən də eyni təşəbbüslər irəli sürülməsinə kömək göstərəcəyik, çünki bu gün regionumuzun mövcud iqtisadi və siyasi vəziyyətinə diasporların münasibətinə laqeyd qala bilmərik. Biz bir böyük ailədə yaşayırıq. Əgər sosial-iqtisadi sahədə, siyasi sabitlik sahəsində hər hansı nailiyyət qazanırıqsa, bu, bütün ağıllı qüvvələrin sıx birləşməsi sayəsində mümkün olur. Məhz Azərbaycan diasporunun belə təşəbbüslə çıxış etməsi çox yaxşıdır, biz bunu böyük minnətdarlıqla qarşıladıq. Düşünürəm ki, bu təşəbbüs Leninqrad vilayətinin əhalisində çox yaxşı əks-səda verəcəkdir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq