ELM VƏ TƏHSİL
Azərbaycan dili imtahanına qatılmayan və “qeyri-məqbul” qiymət alan rus bölməsi abituriyentlərinin nəzərinə
Bakı, 19 may, AZƏRTAC
Martın 16-dan 31-dək elektron ərizələrini təsdiqləmiş, lakin aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakları üçün qeydiyyat başlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək mərkəzin internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.
Elektron ərizələrini mayın 4-dən 22-dək təsdiqləyən rus bölməsinin abituriyentləri isə Azərbaycan dili fənni imtahanına birbaşa qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. Rus bölməsinin abituriyentləri üçün ikinci Azərbaycan dili fənni imtahanı iyunun 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Yalnız “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.