ELM VƏ TƏHSİL
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” zəngin materiallar əsasında tərtib olunub
Bakı, 22 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun öyrənilməsinin təminatı nəzərdə tutulub. Bu maddənin həyata keçirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin rəhbərliyi ilə dil tarixi şöbəsində xüsusi qrup - dialektoloji atlas qrupu yaradılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu qrup yeni layihə əsasında Azərbaycan dilinin dialektoloji atlasının hazırlanması istiqamətində mühüm işlər görüb. Əvvəlcə bu istiqamətdə Naxçıvan qrupu dialekt və şivələrinin tədqiqi aparılıb. Bunun üçün qrupun üzvləri dəfələrlə Naxçıvan Muxtar Respublikasına ezam olunub və burada toplanan zəngin materiallar əsasında “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı tərtib ediblər. Qrupun rəhbəri Zirəddin Xasiyev və qrupun üzvlərinin gərgin əməyi nəticəsində iki il ərzində hazırlanması nəzərdə tutulan atlas bir ildən az vaxtda nəfis şəkildə çapdan çıxıb. Atlas dörd dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) tərtib olunub. 308 səhifəlik atlasda Naxçıvan Muxtar Respublikasının 151 yaşayış məntəqəsini əhatə edən 250 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin müasir Naxçıvanı, onun mənzərələrini, tarixini, etnoqrafiyasını, kulinariyasını əks etdirən şəkillər, atlasın tərtibində istifadə edilən proqram, tədqiq olunmuş yaşayış məntəqələrinin və müsahibəyə cəlb edilən informatorların siyahısı, içərisində informatorların səsi və səsli elektron kitab yerləşdirilən kompakt disk əksini tapıb. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nda izoqlos yaradan dialekt xüsusiyyətləri xüsusi işarələrlə verilib, onların yayılma arealı müəyyənləşdirilib.
Atlasın əvvəlində nəşrin məsul redaktoru, akademik Tofiq Hacıyevin “Muxtar Respublikanın muxtar dialekti və onu daşıyanlar haqqında bir söz” məqaləsi verilib. Atlasın müəllif və tərtibçiləri Naxçıvan qrupu dialekt və şivələrini fonetik, qrammatik və leksik səviyyədə tədqiq ediblər. Nəşrin “Fonetika”, “Qrammatika” (“Morfologiya” və “Sintaksis”) və “Leksika” bölmələrindən ibarət üç hissəsi Azərbaycan Respublikasının üçrəngli bayrağı şəklində kitabın cildində əks olunub. Rənglər rəmzi məna daşımaqla yanaşı, bölmələrin asan müəyyənləşdirilməsinə də xidmət edir.