ELM VƏ TƏHSİL
Azərbaycan Diplomatik Akademiyasında “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilir
Bakı, 6 yanvar (AZƏRTAC) Yanvarın 6-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali məktəbin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək Azərbaycan dövlətinin ölkədə təhsilin inkişafına hərtərəfli diqqət və qayğısından danışmışdır. Bildirmişdir ki, Azərbaycan dövləti müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşır, onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərini yüksək qiymətləndirir. Rektor qeyd etmişdir ki, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılması planlaşdırılır.
Tədbirdə çıxış edən Harvard Universitetinin sabiq professoru Eleanor Dakvort bildirmişdir ki, mən təhsil tədqiqatçısı kimi bütün yaş qruplarının, müəllimlərin və şagirdlərin həm məktəbdaxili, həm də məktəbdənkənar tədris və təcrübəsi ilə maraqlanıram. O, həmçinin ABŞ, Avropa, Asiya, Afrika ölkələrində pedaqoji təhsilin və proqramın qiymətləndirilməsini həyata keçirdiyini bildirmişdir.
Konfransda “Brokvud Park” məktəbinin müdiri Qopal Krişnamurti, ABŞ-ın İlliois Universitetinin tanınmış professoru Uilliam Ayers, Vinçester Universitetinin professoru doktor Simon Boksli və başqaları təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər bu kimi mövzular ətrafında çıxış etmişlər.
Tədbir iştirakçılarla sual-cavab, açıq müzakirələrlə davam etmişdir.
Konfrans öz işini yanvarın 7-də yekunlaşdıracaqdır.