SİYASƏT
AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASININ BİR QRUP TƏLƏBƏSİ GÜRCÜSTANDA SƏFƏRDƏDİR
Tbilisi, 23 noyabr (AZƏRTAC). Azərbaycan Diplomatik Akademiyasının bir qrup tələbəsi Gürcüstanda səfərdədir.
Noyabrın 23-də tələbələr İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış “Azərbaycanın dostları klubu”nda Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyevlə görüşmüşlər.
Nümayəndə heyətinin rəhbəri Anar Vəliyev görüş iştirakçılarına səfərin məqsədi barədə qısa məlumat vermişdir. O demişdir ki, məqsədimiz Gürcüstanın daxili və xarici siyasəti, burada yaşayan soydaşlarımızın vəziyyəti ilə yaxından tanış olmaqdır.
Səfir Namiq Əliyev tələbələrə Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin siyasi tərəfdaşlığı, Gürcüstan ərazisi ilə reallaşmış böyük layihələrin geosiyasi vəziyyətə təsiri, Cənubi Qafqazda mövcud vəziyyət, Gürcüstan azərbaycanlılarının problemləri və s. barədə ətraflı məlumat vermişdir. Diplomat demişdir: “Sizi belə geniş auditoriyada salamlamaqdan məmnunam. Bu auditoriya səfirliyimizin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır. İndiyədək burada çoxlu tədbirlər keçirmişik. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Qlobal layihələr bu ölkənin ərazisindən keçməklə reallaşmışdır. İndi də Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Həmin layihələr iqtisadiyyatla yanaşı, siyasətdə də mühüm rol oynayırlar. Bu layihələr ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, iradə və cəsarətinin məhsuludur.
Cənubi Qafqazda bu gün ən böyük problem tənzimlənməmiş münaqişələrdir. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda isə Abxaziya və Cənubi Osetiya münaqişələri mövcuddur. Hər iki ölkə həmin problemləri sülh yolu ilə qaydaya salmağa çalışır. Ötən ilin avqustunda baş vermiş məlum hadisələr vəziyyəti çox gərginləşdirmişdi. O zaman Gürcüstanın bütün siyasətçiləri etiraf etdilər ki, ölkəni işğaldan Heydər Əliyevin cəsarəti və uzaqgörən siyasəti nəticəsində reallaşmış layihələr xilas etdi. Cənubi Qafqazda Gürcüstan Qərbə və ABŞ-a, Ermənistan isə Rusiyaya meyillidirlər. Azərbaycan isə balanslı siyasət yürüdür və bu siyasət regionda sabitliyin saxlanmasına imkan yaradır”.
Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırmışdır. Tələbələr Azərbaycan-Gürcüstan münasibətləri, gürcüstanlı soydaşların vəziyyəti, onların təhsil və digər hüquqlarının qorunması ilə, digər məsələlərlə maraqlanmışlar.
Həmin gün tələbələr Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində azərbaycanlılarla da görüşmüş, onları dinləmişdir.
Səfər çərçivəsində tələbələr Gürcüstan parlamentində, Xarici İşlər Nazirliyində olacaq, qeyri-hökumət təşkilatları ilə görüşəcəklər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi