SİYASƏT
AZƏRBAYCAN DÖVLƏT BAYRAĞININ YARANMASININ 91-Cİ İLDÖNÜMÜ
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-u Azərbaycan dövlət bayrağının yaranmasının ildönümü günüdür.
Hər bir dövlətin müstəqilliyini onun dövlət rəmzləri təsdiq edir. Dövlət atributlarımızdan biri olan üçrəngli bayraq haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da verilmişdir. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olmuşdur.
Tariximizin sovet dövründə üçrəngli bayrağımızı Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı əvəz etmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə salona gətirilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq, bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxarmışdır.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul etmişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.