ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “karyera günü” keçirilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Karyera Mərkəzində “Uğurlu karyeranı qur!” devizi altında “karyera günü” keçirilmişdir.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir ADİU, Gənclər və İdman Nazirliyi və VitalCV MMC-nin dəstəyi ilə təşkil edilmişdir.
Tədbirin əsas məqsədi tələbə və magistrləri universitetdə keçirilən karyera layihələri ilə tanış etmək, eləcə də karyera inkişafı ilə əlaqədar mütəxəssislər tərəfindən iştirakçılara məsləhətlərin verilməsidir.
Tədbirdə CV-lərin tərtib edilməsi üzrə fərdi məsləhətlərin verilməsi, “Uğurlu müsahibədən keçmə” üzrə təlimlərin aparılması və Karyera Mərkəzinin resursları ilə tanışlıq olmuşdur.
“Karyera günü”ndə ADİU-nun tələbələri ilə yanaşı, Azərbaycan Texniki, Azərbaycan Dillər və Qərb universitetlərinin, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Turizm İnstitutunun tələbələri də iştirak etmişlər.