ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetinin 4 saylı tədris binası yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binası yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin tədris binasının foyesindəki büstü önünə gül dəstələri qoymuşlar.
Sonra 3 min tələbənin təhsil aldığı tədris korpusuna baxış keçirilmişdir.
Universitetin tələbə və müəllimlərinin iştirak etdikləri tədbirdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev yenidən qurulmuş binanın fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmişdir.
Ş.Hacıyev respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açmışdır. Bildirmişdir ki, yeni fəaliyyətə başlayan binada 7 min kvadratmetrdən çox sahədə təmir və yenidənqurma işləri aparılmış, 89 otaq (o cümlədən 54 auditoriya, 5 laboratoriya, 11 kafedra və dekanlıq və s.) ən müasir infrastruktur vasitələri və avadanlıqla təmin edilmişdir. Binada kompyuterləşdirilmiş test üsulu ilə imtahan keçirilməsi üçün 80 nəfərlik xüsusi imtahan zalı yaradılmış, 3 ixtisaslaşdırılmış kompyuter otağı, tələbə və müəllimlər üçün yeməkxana və mətbəx müasir avadanlıqla təchiz edilmişdir. Tədris binası, həmçinin optik kabel vasitəsilə universitetin əsas binasındakı server və vahid şəbəkəyə birləşdirilmişdir. Bütün auditoriyalar kabel interneti və wi-fi ilə təmin olunmuş, interaktiv üsulla dərs keçmək üçün proyektor, kamera və video müşahidə sistemləri quraşdırılmışdır.
Kütləvi tədbirlərin, konfrans və forumların keçirilməsi üçün böyük və kiçik akt zalları, tibb məntəqəsi, müasir tipli idman və konfrans zalları, respublika və beynəlxalq turnirlərin tələblərinə uyğun şahmat klubu yaradılmış, bütün otaqlarda avadanlıq yenilənmişdir. Bununla yanaşı, binanın fasadı bütövlükdə aqlay daşı ilə üzlənmiş, dam örtüyü tamamilə dəyişdirilmiş, binanın qarşısında müxtəlif ağaclar əkilərək, park salınmışdır. Su təchizatı da yenidən qurulmuş, yeni istixana inşa edilmiş, binanın ətrafına 6 min kvadratmetr sahəyə asfalt döşənmişdir.
Təhsil naziri Mikayıl Cabbarov binanın fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmiş, bu işdə əməyi olan insanlara təşəkkürünü bildirmişdir. Bu ali təhsil ocağının məzunu olduğunu bildirən nazir binada aparılan yenidənqurma işlərini yüksək qiymətləndirmişdir.
M.Cabbarov Azərbaycan təhsil sistemində aparılan islahatlardan, iqtisadi uğurlardan, dünya iqtisadiyyatında biliyin rolundan və universitetlərin iqtisadi dayanıqlığından, xaricdə təhsil və digər məsələlərdən danışmışdır.
Sonda M.Cabbarov tələbələri maraqlandıran sualları cavablandırmışdır.