ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin daha iki tələbəsi DAAD-ın təqaüdünü qazanıb
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı üzrə təqaüd qazanmış tələbələrlə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə DAAD proqramının azərbaycanlı tələbələrə Almaniyada təhsil almaq üçün geniş imkanlar yaratdığını deyən rektor tələbə və müəllim mübadiləsi sahəsində, eləcə də ixtisasların akkreditasiyası məsələsində DAAD-ın Bakı bürosu ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
M.Babanlı Almaniyada təhsillərini davam etdirəcək tələbələrə uğurlar arzulayıb, onlara tövsiyələrini verib.
DAAD-a bu il tələbələrin daha çox maraq göstərdiyini qeyd edən Bakı bürosunun rəhbəri Ştefani Düfo 2017-ci ildə ümumilikdə ayrılmış 14 təqaüddən üçünün ADNSU-nun tələbələri tərəfindən qazanılmasını universitetdə aparılan uğurlu tədrislə əlaqələndirib.
Qeyd edək ki, dördüncü kurs tələbəsi Qurban Məmmədov təhsilini Almaniyada magistratura səviyyəsində davam etdirəcək, ikinci kurs tələbəsi Mehri Alıyeva isə DAAD-ın bir aylıq yay məktəbində iştirak edəcək.
Bu il ADNSU-nun ümumilikdə dörd tələbəsi DAAD-ın təqaüdünü qazanıb.