MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Rus Dram Teatrı mövsümü “Büllur sarayda” tamaşası ilə açacaq
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 20-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında 94-cü teatr mövsümü başlanacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni mövsümün ilk tamaşası Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin Xalq Yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırladığı “Büllur sarayda” tamaşası olacaq.
Tamaşanın bəstəkarı Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadədir. Rolları Xalq Artisti Fuad Poladov, əməkdar artistlərdən Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva, aktyorlardan Həcər Ağayeva, Olqa Arsentyeva, Rüfət Nəzərov, Cövdət Şükürov və başqaları canlandırırlar.
Pyes Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi əsasında səhnələşdirilib.