MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Rus Dram Teatrı rusiyalılara iki tamaşa təqdim edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Rusiyaya qastrol səfərinə gedəcək.
Bu barədə AZƏRTAC-a teatrın baş rejissoru, Azərbaycanın Xalq Artisti Aleksandr Şarovski məlumat verib.
Onun sözlərinə görə, Rusiya Mədəniyyət Nazirliyinin yanında Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin xətti ilə teatr iki dəfə Rusiya şəhərlərində qastrolda olub. “Onlar qastrol səfərlərini bütün qaydalara uyğun təşkil edirlər, yəni buraya böyük treyler gəlir, biz ora kostyumları, dekorasiyanı, bir sözlə, lazım olan nə varsa yükləyirik. Rusiya kollektivlərinin Bakıya qastrol səfərlərini təşkil edən zaman biz də öz xidmətimizi onlara göstəririk”, - deyə rejissor qeyd edib.
“Bir neçə ay əvvəl Rus Teatrları Konqresi çərçivəsində Sankt-Peterburqda bu təşkilatın nümayəndələri ilə görüşüm olub. Onlar mənə Rusiya şəhərlərinə qastrol səfərinə gəlməyi təklif etdilər. Biz daha əvvəl Piter və Moskvada olduğumuzdan “əsl” Rusiyaya gəlmək istəyimizi bildirdik. Beləliklə, bizə Pskov, Velikiye Luki və Smolenskə yola düşmək təklif olundu”, - deyə A.Şarovski bildirib.
Rejissor diqqətə çatdırıb ki, kollektiv oktyabrın 30-da Rusiyaya 11 günlük qastrol səfərinə iki tamaşa - dramaturq M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” tamaşası və P.Qladilinin “Afina axşamları” lirik komediyası ilə yollanır.
“Biz Azərbaycanı təmsil edirik və vizit kartımız M.F.Axundzadənin əsərinin tamaşasıdır. Biz onu hər yerdə müvəffəqiyyətlə oynamışıq. Pyes yaxşıdır, dramaturq çox gözəldir, aktyorlar öz rollarını yaxşı ifa edirlər. Növbəti dəfə də ölkəmizi layiqincə təmsil edəcəyimizi düşünürəm. Bundan əlavə, “Afina axşamları” pyesi Azərbaycanda böyük uğur qazanıb və Rusiya tərəfi də müasir tamaşa görmək arzusunu bildirib”, - deyə A.Şarovski vurğulayıb.