QAN YADDAŞI
Azərbaycan Dövlət Teleqraf Agentliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir VİDEO
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri açan AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə 20 Yanvar faciəsinin tarixindən danışmışdır. Bildirilmişdir ki, xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biri olan həmin gecədə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qanına qəltan etmişlər.
Qeyd edilmişdir ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi ucbatından siyasi qiymət verilməyən bu hadisə məhz ümummilli lider Heydər Əliyevin sayəsində dünya ictimaiyyətinə çatdırılmışdır. Ulu Öndər təhlükələrdən çəkinmədi, əsl vətəndaşlıq nümunəsi göstərərək bu ağır gündə xalqının yanında oldu, dinc insanlara qarşı törədilmiş qırğını qətiyyətlə pislədi.
Tədbirdə AZƏRTAC-ın əməkdaşı Xətai Əzizov “Xalqımızın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, xalqımızın yaddaşında dərin iz buraxmış Qara Yanvar faciəsi Azərbaycan tarixində azadlıq uğrunda mübarizənin parlaq səhifələrindən biridir. Keçmiş sovet imperiyası 24 il əvvəl Bakıda qanlı aksiya törətməklə xalqımızın milli azadlıq hərəkatını boğmağa çalışsa da, buna nail ola bilmədi.
Tədbirdə AZƏRTAC-ın hazırladığı “20 Yanvar: Tarixin qan yaddaşı” sənədli filmi nümayiş etdirilmişdir.