CƏMİYYƏT
Azərbaycan Əfqanıstana mina təhlükəsinə dair maarifləndirici dərslik göndərəcəkdir
Bakı, 4 dekabr (AZƏRTAC). Əfqanıstana qeyri-hərbi sahədə yardım proqramı çərçivəsində Azərbaycan dekabrın sonunadək bu ölkəyə mina təhlükəsinə dair 15 min ədəd maarifləndirici dərslik göndərəcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməzi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşı Musa Cəlalov demişdir.
M.Cəlalov bildirmişdir ki, gələn il ANAMA-nın nümayəndələri Əfqanıstana gedəcək, dərsliklərin təqdimatını keçirəcək və həmin fənni tədris edən əfqan müəllimlər üçün kurslar təşkil edəcəklər. Proqram çərçivəsində ötən il ANAMA tərəfindən Əfqanıstana 10 mindən çox kitab göndərilmişdir. Qeyri-hərbi sahədə yardımlar çərçivəsində birinci mərhələdə Əfqanıstan Minatəmizləmə Departamentinin rəhbəri başda olmaqla 11 nəfərlik heyət Azərbaycanda uzunmüddətli təlimlər keçmişdir.
Sonrakı mərhələdə isə ANAMA-nın iki mütəxəssisi Əfqanıstanda olmuş, Kabil və Pərvanda 3 təlim kursu təşkil etmişdir. Bu kurslara 150 nəfər cəlb olunmuşdur.