SİYASƏT
AZƏRBAYCAN ƏFQANISTANDA TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ MÜHÜM ROL OYNAYIR
Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 2-də Prezident Barak Obama Əfqanıstandakı ABŞ qüvvələri üçün bu ölkədə sabitliyin bərpa edilməsi və terrorçulara zərbə endirilməsi məqsədi ilə yeni geniş fəaliyyət istiqaməti təqdim etmişdir. Bunu Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bildirmişdir.
Diplomat demişdir: “Ümid edirik ki, Əfqanıstanda koalisiya üzrə müttəfiqlərimizin dəstəyinə əmin ola bilərik. Biz birlikdə Nyu-Yorkda, Lissabonda, Moskvada, Londonda və digər yerlərdə günahsız insanların həyatına bais olmuş qlobal terrorizmə qarşı mübarizə aparırıq. Azərbaycan koalisiyanın səylərində mühüm rol oynayır. Onun cəsur əsgərləri Əfqanıstanda NATO qüvvələri ilə birlikdə 2002-ci ildən xidmət edirlər. Bu ilin əvvəlində Azərbaycanın Əfqanıstanda hərbi qulluqçularının sayını 2 dəfə artırması bu ölkənin sülh tərəfdarı olmasından xəbər verir”.
Bəyanatda daha sonra deyilir ki, bu gün 43 dövlət, o cümlədən Azərbaycan Əfqanıstanda ekstremistləri məhv etmək, silahsızlaşdırmaq və onlara zərbə endirmək üçün birləşmişdir.
Prezident Obama Nyu-Yorkdakı Quru Qoşunları Akademiyasında çıxışında bildirmişdir ki, bu, təkcə Əfqanıstanın gələcəyi deyil, həm də dünyanın ümumi təhlükəsizliyidir. ABŞ Prezidenti 2010-cu ilin əvvəllərində daha 30 min ABŞ əsgərini Əfqanıstanda yerləşdirməyə çağırmış, habelə ekstremist elementlərin məhv edilməsinə, vətəndaş təsisatlarının dəstəklənməsinə və ölkədə təhlükəsizliyi qorunmasına Əfqanıstan qüvvələrinin cəlb edilməsinə yönəldilmiş 3 hissədən ibarət strategiyanı təqdim etmişdir.