AZƏRBAYCAN ENERGETİKLƏRİNƏ
Sizi – ölkə iqtisadiyyatında çox mühüm rolu olan sahənin işçilərini Energetiklər Günü və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Məhz iyirmi dörd il bundan əvvəl, oktyabrın 20-də Cənubi Qafqazda ən iri energetika müəssisəsi olan və milli enerji sisteminin özəyini təşkil edən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası istismara verilmişdir. Bununla, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizin enerji təhlükəsizliyinin bünövrəsini qoymuşdur. Bu sahədə həyata keçirilən müdrik siyasət respublikamızı bütün Qafqaz bölgəsində unikal energetika sisteminə malik bir ölkəyə çevirmişdir.
Son illərdə iqtisadiyyatımızın uğurlu inkişafı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qarşısında yeni perspektivlər açmışdır. Ümidvaram ki, bu istiqamətdə aparılan köklü islahatlar və uzunmüddətli strategiyanın gerçəkləşdirilməsi ölkəmizdə energetikanın inkişafına güclü təkan verəcəkdir.
Əminəm ki, respublikamızın energetikləri yeni əsrin tələblərinə uyğun olaraq, Azərbaycan xalqına bundan sonra da layiqincə xidmət göstərəcəklər.
Sizi bir daha bu peşə bayramınız və yubileyiniz münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2005-ci il.