ELM VƏ TƏHSİL
Azərbaycan ərazisində indiyədək öyrənilməyən kurqanaltı sərdabələr müəyyənləşdirilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Goranboy-Göygöl arxeoloji ekspedisiyası
tədqiqatları uğurla başa çatdırıb.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, arxeoloji tədqiqat işləri ötən il Daşkəsən və Goranboy rayonları ərazisində kurqan və daş qutu qəbir tipli abidələrində aparılıb.
Goranboy rayonu Qarqucaq kəndi ərazisində, Kürək çayın sol sahilində iki kurqan qazılaraq tədqiq edilib. Birinci kurqan ilk tunc dövrünə aid uzunmüddətli dəfn üçün nəzərdə tutulmuş sərdabə tipli abidədir. Kurqan kamerası yerin üstündə çay daşlarından inşa edilib. Onun eni üç metr, uzunluğu 4,1 metr olub. Kameranın döşəməsi 5-7 santimetr qalınlığında saman qarışıqlı gillə suvanıb, dörd tərəfində kiçik xəndək qazılıb. Kameranın üzəri ağac tirlərlə örtülüb. Üst örtüyü kimi çay daşları və ərazidə olan ağ torpaqdan istifadə edilib. Kameranın kənarlarından üst dirəkləri saxlamaq üçün şaquli vəziyyətdə basdırılmış istinad dirəklərinin kömürləşmiş qalıqları aşkarlanıb. Kurqanda 20-dən artıq saxsı qab nümunələri tapılıb. Təxminlərə görə kurqanda 30-dək insan dəfn edilib.
Qarqucaq kurqanından səkkiz metr şərqdə, ikinci kurqan qazılaraq tədqiq edilib. Kurqan kamerası oval formada materikdə qazılıb. Kameranın diametri 2,5x3, dərinliyi isə 1,8 metr olub. Kameranın üst örtüyü kimi çay daşları və torpaqdan istifadə edilib. Burada yalnız bir insan dəfn olunub. Kurqandan son tunc - ilk dəmir dövrünə aid saxsı qab nümunələri, tuncdan asma bəzək əşyaları, pasta, əqiq və tuncdan hazırlanan muncuqlar, tunc qolbaqlar, üzüklər və s. aşkarlanıb.
Daşkəsən rayonu Qaraqollar kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı daş qutu qəbir tədqiqata cəlb edilib. Qəbir iri qaya parçalarından istifadə edilməklə hazırlanıb. Daş qutu qəbri kamerasının eni 1,1, uzunluğu isə 1,7 metr olub. Burada bir insan dəfn edilib. İnsan sümükləri kamerada fizioloji quruluşunun dağılmış halında aşkarlanıb. Kameradan son tunc - ilk dəmir dövrünə aid saxsı qab nümunələri, metaldan asma bəzəklər, qolbağlar, tunc xəncər, əqiq muncuqlar və s. bəzək əşyaları tapılıb.
Daşkəsən rayonu ərazisində aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar zamanı, Azərbaycan ərazisində indiyədək öyrənilməyən, kurqanaltı sərdabələr müəyyənləşdirilib. Bu abidələrin sahəsi 15-20 kvadratmetr olan məzar odalarının dörd tərəfi iri sal qayalardan inşa edilməklə, 2,5 metr hündürlüyü var. 2015-ci ilin planında bu abidələrdə geniş arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur.