REGİONLAR
Azərbaycan ərazisində quş qripi ilə bağlı növbəti monitorinq başlamışdır
Bakı, 19 dekabr (AZƏRTAC). Azərbaycan ərazisində quş qripi ilə bağlı növbəti monitorinq başlamışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, monitorinq DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbirləri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcəkdir.
Monitorinqin nəticələri bu ilin dekabrın 28-də ictimaiyyətə açıqlanacaqdır.
Hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.