REGİONLAR
Azərbaycan ərazisində quş qripi ilə bağlı növbəti monitorinq keçiriləcəkdir
Bakı, 13 noyabr (AZƏRTAC). Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.
DBX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 19-da köçəri quşların miqrasiyasını nəzərə alaraq ölkə ərazisində növbəti monitorinq başlayacaqdır.
Monitorinq DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaqdır.
Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçiriləcəkdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcəkdir.
Monitorinqin nəticələri bu ilin noyabrın 30-da ictimaiyyətə açıqlanacaqdır.
DBX xatırladır ki, köçəri quşların miqrasiyası və havaların soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.