REGİONLAR
Azərbaycan ərazisində quş qripinin törədicisi aşkar edilməmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Azərbaycan ərazisində quş qripi ilə bağlı növbəti monitorinq başa çatmışdır.
Yanvarın 21-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 13 baş çöl, 2 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1561 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi aşkar edilməmişdir.
Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmamışdır.
Monitorinq DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmışdır.
DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Hazırda quş qripi xəstəliyinə və digər yoluxucu xəstəliklərlə bağlı respublikamızda epizootik vəziyyət sabitdir. DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.