İDMAN
Azərbaycan futbolçuları Barselonaya gedəcəklər
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycan futbolunda irəliləyiş vardır. Bu da klubların və milli komandaların oyununda özünü göstərir. Ölkəmizdə yeniyetmələr arasında güclü potensiala malik futbolçular çoxdur. Bunu nəzərə alaraq, bir qrup oyunçunun İspaniyanın Barselona şəhərindəki Xristo Stoiçkov Akademiyasına təhsil almağa göndərməyi qərara aldıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tovuzun “Turan” futbol klubunun prezidenti Musa Süleymanov noyabrın 2-də keçirilən mətbuat konfransında demişdir.
Futbolçuların klubun maliyyə dəstəyi ilə İspaniyaya göndərildiyini bildirən M.Süleymanov oyunçuların 2 il müddətinə Xristo Stoiçkov Akademiyasında təhsil alacağı və təcrübə keçəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, biz məşqçiləri ölkəmizə dəvət edib burda da hazırlıq təşkil edə bilərdik. Amma uşaqların İspaniyada olması onların dünya görüşünün artmasına və futbol imkanlarının artmasına şərait yaradacaqdır.
Akademiyanın texniki direktoru Antoni Sançes Munos təmsil etdiyi akademiyanın fəaliyyəti və dünya klublarında çıxış edən yetirmələri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, bizim digər akademiyalardan bir çox fərqimiz var. Hər bir uşaq dünya səviyyəli futbolçu ola bilər. Biz azərbaycanlı uşaqların da dünya səviyyəsində tanınması üçün əlimizdən gələni etməyə hazırıq və buna şadıq.
Xristo Stoiçkov Akadamiyasının texniki direktoru A.Munos və Loze Luis Villar “Turan” Uşaq Futbol Məktəbində seleksiya işləri apararaq 11 futbolçunu seçmişlər. Qonaqlar 1998-1999 və 1996-1997-ci illər yaş qruplarından təşkil olunmuş komandaların oyunlarını izləmişlər. Məşqçilərin yekun qərarına əsasən, Yaşar Quliyev (qapıçı), Nəriman Hüseynov (müdafiəçi), Ömər İsgəndərov (müdafiəçi), Afin Bağırov (müdafiəçi), Şahin Quluzadə (yarımmüdafiəçi), Pərvin Əliyev (yarımmüdafiəçi), Cavid Qasımov (yarımmüdafiəçi), Emin Mirzəliyev (yarımmüdafiəçi), Budaq Nəsirov (yarımmüdafiəçi), Emin Yusifli (hücumçu) və Məharət Əhmədov (hücumçu) İspaniyaya gedəcəklər.