ELM VƏ TƏHSİL
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzvlük üçün qeydiyyat prosesi davam edir
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) üzv olmaq üçün ölkəmizin 67 bölgəsindən 2 min 644 nəfər müraciət edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, assosiasiyaya üzvlük üçün qeydiyyat prosesi davam edir. Üzv olmaq istəyən müəllimlər http://qeydiyyat.agma.az linkində qeydiyyatdan keçə bilərlər.
Ötən il Şəkidə respublikanın 7 bölgəsini əhatə edən 30 gənc müəllimin iştirakı ilə “Azərbaycan Gənc Müəllimlərinin I Yay Məktəbi” təşkil edilib.
Xatırladaq ki, 2018-ci il noyabrın 28-də Azərbaycan Müəllimlərinin XV Qurultayında Gənc Müəllimlər Assosiasiyasının yaradılması haqqında ilkin təşəbbüs irəli sürülüb.