SİYASƏT
Azərbaycan gəncliyi hər zaman ulu öndərin xatirəsini əziz tutacaqdır
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də ulu öndərin xatirəsini yad etmək üçün dahi şəxsiyyətin uyuduğu Fəxri xiyabana gələn insanlar arasında gənclər də böyük üstünlük təşkil edirdilər.
Ulu öndərin xatirəsini yad edən Bakı futbol klubunun üzvü, gənc futbolçu Raul Yaqubzadə bildirmişdir ki, gənclərə hər zaman diqqət göstərən, onların qayğısının, problemlərinin həllinə xüsusi fikir verən ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Ulu öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışırdı.
Ümummilli lider Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında, dövlətin idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirmiş, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.
Azərbaycan gəncliyi hər zaman ulu öndərin xatirəsini əziz tutacaq dövlətimizin qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin inkişafı üçün həyata keçirilən işlərdə yaxından iştirak edəcəkdir.