İDMAN
Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc mükafata layiq görülmüşdür
Bakı, 23 iyun (AZƏRTAC). Yaxın keçmişdə Qazaxıstanın tanınmış idmançısı Aliyə Yusupovanın mükafatları uğrunda Astanada keçirilən beynəlxalq turnirdə gənc Azərbaycan gimnastı Ruqiyyə Səttarova bürünc mükafatçı olmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bir həftə bundan əvvəl bədii gimnastika üzrə Bakıda uğurla başa çatmış Avropa çempionatının ehtiyat iştirakçısı R.Səttarova Astanada mütləq birincilikdə üçüncü yeri tutmuşdur.
Milli komandamızın baş məşqçisi Mariana Vasilevanın fikrincə, bu istedadlı gənc gimnastın daha da irəli getməsi üçün böyük potensial imkanları vardır və bu medal gələcək yarışlarda onun özünü daha inamlı hiss etməsinə imkan verəcəkdir.
Lakin yığmamızın təqvim planında ən yaxın turnirlər avqustun ortalarında nəzərdə tutulur. O vaxt bizim gimnastika drujinasının baş məşqçisinin vətənində Dünya Kubokunun növbəti mərhələsi keçiriləcəkdir.
O vaxta qədər, iyulun 1-dən başlayaraq yığmamızın kollektivi bu ilin digər mühüm startına hazırlaşmaq üçün təlim-məşq toplantısında iştirak edəcəkdir.
Sentyabrın 21-dən 28-dək dünyanın çoxsaylı nümayəndə heyətləri Türkiyənin Aralıq dənizi hövzəsində ən qədim və ən gözəl şəhər olan İzmirə gələcək, burada planetimizin ən güclü gimnastları aşkar ediləcəkdir.