İQTİSADİYYAT
“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi Azərbaycanın elektrik enerjisinin Avropaya ötürülməsinə imkan yaradacaqdır
Bakı, 5 aprel (AZƏRTAC). Enerji ixrac edən ölkə kimi Azərbaycanın enerji sistemi Rusiya, Gürcüstan, İran və Türkiyəyə bağlanmışdır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Rusiya arasında enerji mübadiləsi sahəsində hər iki ölkənin elektrik enerjisi sistemləri uyğunlaşdırılmış və bu da istehlakçılara verilən elektrik enerjisinin yüksək keyfiyyətdə olmasını təmin edir.
Salyanda 220 kilovoltluq (kV) yarımstansiyada müvafiq elektrik verilişi xətlərinin tikintisi başa çatdıqdan sonra Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsinin gücü 240 meqavatdan (MVt) 700 MVt-dək artacaqdır.
Enerji ixracı üzrə ən əsas layihələrdən biri də “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü”dür. Bu layihə çərçivəsində Mingəçevirdən Gürcüstan sərhədinədək 500 kV elektrik verilişi xətti tikilir. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya 600-700 MVt elektrik enerjisinin ötürülməsinə imkan yaranacaqdır.