MƏDƏNİYYƏT
Azərbaycan İctimai-Siyasi Universitetində Mirzə Ələkbər Sabirin xatirəsi anılmışdır
Bakı, 18 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin “Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq iyunun 18-də Azərbaycan İctimai-Siyasi Universitetində böyük ədibin xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında söhbət açılmışdır.
Tədbirdə professorlar İfrat Əliyeva və Tərlan Novruzovun “Mirzə Ələkbər Sabir yaradıcılığına bir baxış”, “Mirzə Ələkbər Sabirin yaradıcılığı və mühiti” mövzularında məruzələri dinlənilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan poeziyasının qürur qaynaqlarından olan M.Ə.Sabir XX əsrin ilk onilliyində qısa bir müddət ərzində yaradıcılığı ilə ədəbiyyat tariximizdə öz ədəbi yerini tutmuşdur. Təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq klassiklərinin bilicisi olan və ondan uğurla bəhrələnən şair yalnız bir kitabı - “Hophopnamə”si ilə klassiklərin sırasına daxil olmuşdur. Onun bu əsəri yaranandan sonra azərbaycançılığın, maarifçiliyin, geniş mənada humanizmin qanunlarından biri kimi insanların beyinlərinə, ürəklərinə öz durulducu təsirini fərqli bir tərəfdən göstərməyə başlamışdır. Bu mənada şairin yaradıcılığına klassik poeziyamızda keyfiyyət dəyişikliyi yaradan bir mərhələ kimi baxmaq olar. Təkcə Şərq deyil, Qərb klassikasından da faydalanan və mütərəqqi ümumbəşəri dəyərlərə yiyələnən Sabir bütövlükdə dünya mədəniyyəti və ədəbiyyatının varisi kimi çıxış etmişdir.
Öz milli üslubu ilə seçilən şairin yaradıcılığında “Fəhlə özünü sən də bir insanmı sanırsan?”, “Millət necə tarac olur olsun nə işim var”, “Bakı fəhlələrinə”, “Bəsdir, bu qədər başlama fəryadə, əkinçi!”, “Çatlayır, Xanbacı, qəmdən ürəyim”, “Qocalıqdan şikayət”, “Səbr eylə”, “Adəmi adəm eyləyən paradır”, “Uşaqlara” və s. şeirləri xüsusilə seçilmişdir.