İDMAN
Azərbaycan idmançıları Almaniyada keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər
Bakı, 20 avqust (AZƏRTAC). Avqustun 28-də Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə dünya çempionatı başlanacaqdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionatda iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşmişdir.
Beş gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Aleksandr Kolıbelnikovun başçılığı altında bir kayakçı və altı kanoeçi təmsil edəcəkdir.
Yeganə kayakçımız Mirnazim Cavadov bir nəfərlik qayıqla (K-1) 200 və 500 metr məsafələrə yürüşlərə qatılacaqdır.
Kanoeçilərin mübarizəsində Azərbaycan idmançısı, üçqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko bir nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüş edəcəkdir.
Bir nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə Anatoli Melnik, 1000 və 5000 metr məsafələrə yürüşlərdə isə Mikola Matviyçuk mübarizə aparacaqlar.
İki nəfərlik qayıqla (C-2) 200 və 500 metr məsafəyə yürüşlərə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının finalçısı Sergey Bezuqlıy builki yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc mükafatçısı Aleksey Kupin ilə birgə qatılacaqdır.
İki nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərdə isə Aleksey Kupin-Taras Matviyçuk cütlüyü qüvvəsini sınayacaqdır.
Aleksey Kupin – Anatoli Melnik – Mikola Matviyçuk – Taras Matviyçuk kvarteti 4 x 200 metr məsafəyə estafet yürüşündə çıxış edəcəkdir.
Azərbaycan milli komandası dünya çempionatına Belarusun Brest vilayətindəki Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində hazırlaşmışdır.