REGİONLAR
Azərbaycan idmançıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Göyçay, 8 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycanın çoxmübarizəli idman döyüş növləri üzrə milli yığma komandasının üzvləri Polşanın Mikolov şəhərində keçirilən Avropa çempionatında uğurla iştirak edərək Vətənə medallarla qayıdıblar.
Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının prezidenti Vüqar Muradov AZƏRTAC-a bildirib ki, onun rəhbərliyi ilə Polşaya 5 idmançı - Avropa və dünya çempionları Fətəli Məmmədli, Məhəmməd Məmmədli, dünya çempionatının mükafatçıları Zaur Abdulqədirov, Telman Maqsudov və Nicat Zeynalov yola düşüb. Ümumilikdə 30 ölkədən 200-dən çox idmançının iştirak etdiyi yarışda 3 idmançımız qızıl medal qazanıb. Azərbaycan döyüşçülərinin bu mötəbər yarışda görüşdükləri rəqiblər çox güclü və təcrübəli idmançılar olub. Buna baxmayaraq Fətəli Məmmədli, Məhəmməd Məmmədli və Zaur Abdulqədirov Fransa, Rusiya, Polşa, Gürcüstan, Belçika və Çexiyadan olan rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, ölkəmizin üçrəngli bayrağını dalğalandıraraq, Dövlət himnimizi səsləndiriblər.
Vüqar Muradov idmançıların bu mötəbər yarış ərəfəsində 6 ay ərzində “AzNar” QSC-nin Göyçaydakı idman zalında təlim-məşq toplanışında iştirak etdiyini və çəkilən zəhmətin hədər getmədiyini bildirib. Avropa çempionu titulunu qazanan Azərbaycan idmançıları gələn ay Moskvada keçiriləcək dünya çempionatında da iştirak edəcəklər.
Federasiya rəhbəri qeyd edib ki, son 6 ildə çoxmübarizəli idman döyüş növü üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hazırda ölkəmizin 35 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və Azərbaycanda, ümumilikdə, 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur.