İDMAN
Azərbaycan idmançıları karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında uğurla çıxış etmişlər
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan idmançıları karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında uğurla çıxış etmişlər.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 22-də Azərbaycanın Qocyutryu Okinava və Kempo-ryu Federasiyasının prezidenti Tanrıverdi Allahverdiyev idmançılarımızın Ukraynada keçirilmiş dünya çempionatında qazandıqları uğurlara həsr olunmuş mətbuat konfransında demişdir.
T.Allahverdiyev bildirmişdir ki, Ukraynada karatenin kempo və kobudo növləri üzrə keçirilən və 17 ölkənin qatıldığı dünya çempionatında ölkəmizi müxtəlif çəki dərəcəsində 18 idmançı təmsil etmişdir.
Çempionatda Azərbaycan idmançıları Məhəmməd Allahverdiyev, Anar Soltanlı, Ümid Əliyev, Həci Müşfiq, Royal Hacıyev, Elsevər Quliyev, Müşfiq Abbasov, Teymur Quliyev və Aydın Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Digər idmançılarımız - Orxan Səfiyev, Emil Yolçuyev, Mehman Hüseynov gümüş, Turan Teymurbəyli isə bürünc medala sahib olmuşlar.
Diqqətə çatdırılmışdır ki, yarışda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş III dünya kəməri uğrunda mübarizə aparılmışdır. Bu mübarizədə kəmərlərdən ikisini Azərbaycan idmançıları Elsevər Quliyev və Məhəmməd Allahverdiyev qazanmışlar. Üçüncü kəmərə isə Ukrayna komandasının idmançısı sahib olmuşdur.
T.Allahverdiyev bildirmişdir ki, ümumilikdə, komandamız yarışda 14 medal qazanmışdır. Onlardan doqquzu qızıl, dördü gümüş və biri bürünc medaldır. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında üçüncü yeri tutmuşdur.
Ukrayna komandası birinci, Rusiya kollektivi isə ikinci yerdə qərarlaşmışlar.
Federasiyanın prezidenti çempionatdan sonra təşkil olunmuş seminarda da iştirak etdiyini bildirmişdir. Məlumat vermişdir ki, seminarda gənclər arasında müxtəlif döyüş növlərinin təbliği haqqında danışılmışdır.