İDMAN
Azərbaycan idmançısı Səlahət Həsənov kyokuşin karate üzrə Avropa çempionu olmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). Polşanın Kelçi şəhərində kyokuşin karate üzrə 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti beşinci dan qara kəmər ustası, şixan Allahverdi Rüstəmovun rəhbərliyi altında 6 idmançı təmsil etmişdir.
Qitə birinciliyində 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Səlahət Həsənov İspaniya, Rumıniya, Bolqarıstan və Latviyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlmişdir. İdmançımız rumıniyalı, bolqarıstanlı və latviyalı rəqiblərini nokautla məğlub etmişdir. Həlledici görüşdə Ukrayna idmançısını tam üstünlüklə məğlub edən S.Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
İdmançımız çempionatın “Ən texnikalı döyüşçü”sü seçilmiş və ona kubok təqdim olunmuşdur.
Yarışların idarə olunmasında isə ölkəmizi beynəlxalq dərəcəli hakim, üçüncü dan qara kəmər ustası Mübariz Məlikov təmsil etmişdir.
Kyokuşin karateçilərimiz beynəlxalq yarışlarda ölkəmizi bir qayda olaraq layiqincə təmsil edirlər. Bu, Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərovun idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir.