Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə uyğun olaraq, dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” (bundan sonra - Kollec) publik hüquqi şəxs yaradılsın.

2. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

3.1. Kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən Kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 dekabr 2023-cü il

№ 444

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin