ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq tədbirdə çıxış edib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov Türkiyənin Qazi Universitetinin “Türk dünyasının qabaqcıl elm adamları: konfranslar silsiləsi” mövzusunda təşkil etdiyi vebinarda mühazirə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə Qazi Universitetinin rektoru professor Musa Yıldız, universitetin Layihələrin Təşkili və Araşdırma Mərkəzinin müdiri professor Salih Şahin, müdir müavini dosent Asuman Aşık, professor və müəllim heyəti, tələbələr iştirak ediblər.
Professor Salih Şahinin moderatorluq etdiyi tədbirdə dosent Anar Qafarovun “Nəsirəddin Tusinin əxlaq fəlsəfəsi” mövzusunda mühazirəsi dinlənilib.
A.Qafarov N.Tusinin müsəlman dünyasında fəlsəfi düşüncəni inkişaf etdirən alimlərdən biri olduğunu söyləyib. O, dahi alimin özünəqədərki hikmət xəzinəsini mükəmməl surətdə mənimsəyərək, onun Osmanlı əxlaq fəlsəfi düşüncəsində xüsusi mövqeyə malik filosof olduğunu vurğulayıb.
Vebinar Qazi Universitetinin “Türk dünyasının qabaqcıl elm adamları: konfranslar silsiləsi” mövzusunda təşkil etdiyi doqquzuncu tədbirdir.