ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Dövlət Bayrağı Gününü Cocuq Mərcanlıda qeyd edəcək
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edəcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Cocuq Mərcanlı kənd orta məktəbi, Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi, “Aprel şəhidləri xatirəsinə ucaldılmış abidə-kompleksi” ziyarət ediləcək və ərazidə inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusunda tədbir keçiriləcək.
Səfərin əsas məqsəd tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanmasıdır.
Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.